İki il bundan öncə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə, Şanlı Azərbaycan Ordusunun rəşadəti, şəhidlərimizin qanı və canı bahasına xalqımızın çoxəsrlik tarixinin ən şanlı səhifəsi yazıldı. Bu qəhrəmanlıq salnaməsi - Zəfər Günü Respublikamızın bütün bölgələrində olduğu kimi, xocalıların kompakt şəkildə müvəqqəti məskunlaşdıqları Goranboy rayonunun Aşağ Ağcakənd qəsəbəsində də təntənəli şəkildə qeyd edildi. Zəfər Bayramı şənliyində Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov, rayonun icra hakimiyyəti aparatının məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisələrin rəhbər işçiləri, Vətən müharibəsi iştirakçıları, qazilər, şəhid aiələri və məktəb şagirdləri iştirak etdilər. Tədbir iştirakçıları əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin qəsəbədə ucaldılmış abidəsini ziyarət edərək önünə dərin ehtiram əlaməti olaraq gül dəstələri düzdülər. Xocalı rayon Mədəniyyət Evində davam edən tədbirdə Zəfər salnaməsinə həsr edilmiş kitab sərgisinə və şagirdlərimizin düşmən üzərində şanlı Zəfərə və qəhrəman şəhidlərimizə həsr etdikləri rəsm əsərlərindən ibarət sərgiyə baxış oldu. Tədbir iştirakçıları torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizi ruhunu bir dəqiqəlik sükutla yad etdilər. Dövlət Himnimiz səsləndirildi. Sonra söz Vətən müharibəsi şəhidi Məmmədov Elnur Xurşud oğlunun həyat yoldaşı Kəmalə Məmmədovaya verildi. Kəmalə Məmmədova igid döyüşçümüzün 2016-cı il Aprel döyüşlərində və Vətən müharibəsində şücaətindən danışdı. Şəhidlərimizə Allahdan rəhmət diləyərək xalqımızın Zəfər Gününü təbrik etdi. Vətən müharibəsində qələmini silahla əvəzləyərək döyüşlərə atılan Xocalı şəhər 5 saylı tam orta məktəbin riyaziyyat və informatika müəllimi, "Vətən uğrunda" medalı ilə təltif edilmiş Kərimov Vüqar Əzim oğlu çıxışında Müzəffər Ordumuzun hünərindən danışaraq qalib ordunun qalib əsgəri kimi həmişə qürur hissi keçirdiyi bildirdi. Şagirdlərinə yüksək vətənpərvərlik ruhu aşılayan Vüqar Kərimov Vətən Müharibəsində əldə etdiyimiz qələbə ilə xalqımızın torpaqlarımızın azadlığı və qələbə arzusunun gerçəkləşdiyini bildirdi. Tədbirdə Xocalı şəhər 1 nömrəli Uşaq musiqi məktəbinin şagirdlərindən ibarət xor qrupu şən mahnılar ifa etdilər. Flora Cavadova, Rəvan Həsənli, Vüsalə Hümbətova, Nəsif Quliyev, İsmayıl Məmmədov milli musiqilərlə tədbir iştirakçılarının qələbə əhval-ruhiyyəsini artırdılar. Xocalı rayon Kosalar kənd tam orta məktəbin IV sinif şagirdi Yusif Məmmədov və Xocalı şəhər 1 saylı tam orta məktəbin şagirdi Nəzrin Bəşirli 44 günlük Vətən müharibəsinə və Şuşaya həsr edilmiş şeirlər səsləndirdilər. Yekun olaraq çıxış edən rayonumuzun icra başçısı Şahmar Usubov bildirdi ki, Azərbaycan torpaqları son 200 ildə parça-parça bölünürdü. Azərbaycan Türk dünyasının mərkəzi sayılır. Xalqımız onillərdir bəlalar çəkib, birləşməyə, qələbə sevincinə həsrət qalmışdı. Bu gün Azərbaycan dünya dövlətləri arasında seçilir, sayılır. Biz xocalılar, xankəndililər olaraq torpaqlarımızı qoyub qaçmadıq. Sonunadək döyüşdük, şəhid verdik. Torpağımıza bağlılığımızı sübuta yetirdik. Sovet hakimiyyəti illərində bir çox bayramlar keçirmişik. Ancaq bizə öz milli bayramlarımızı keçirməyə icazə verməyiblər. Ancaq Azərbaycan xalqı sosializmin bizə gətirdiyi bütün bayramların üzərindən xətt çəkdi. Biz öz bayramlarımızı qeyd edirik. Bu Zəfər Bayramını bizə xalqımızın birliyi, qazilərimiz, şəhidlərimiz gətirib çatdırıb. Torpaqlarımızın azadlığını görmək arsusu ilə nə qədər insanlarımız dünyasını dəyişib. Zəfər Gününü görmək bu nəslə nəsib olub. Şəhidlərimizi, qələbəmizi bizə xatırladan "Xudayar təsnifi" insana başqa duyğu, ruh yüksəkliyi gətirir. Vətənpərvərlik musiqiləri xalqını, torpağını sevən hər kəsin iliyinə işləyir. Azərbaycan xalqı hələ amalının başlanğıcındadır. Nə qədər ki, xalq öz rəhbərinin ətrafında birləşib, nə qədər ki, xalq-ordu birliyi var, bizim qələbələrimiz əskik olmayacaq. Şəhidlərimizin ruhu, onların ailələri qarşısında minnətdarlıq hissi ilə baş əydiyini bildirən Şahmar Usubov qazilərimizə cansalığı arzuladı, xalqımızın Zəfər Bayramını təbrik etdi. Zəfər Şənliyi xoş ovqatla yekunlaşdı.